Uşağı gec yeriyən valideynlərin nəzərinə: bunları etməyin!
15.7.2019

Övladının yeriməyini görmək bütün ana-ataların arzusudur. Türkiyəli pedaqoq Əminə Ergünün uşaqların gec yeriməsi ilə bağlı fikirlərini təqdim edirik.

Yerimək uşaqlar üçün vacib bir hadisədir. Müstəqilliyin ilk və əhəmiyyətli pilləsidir. Uşaqlar iməkləyərək bir çox yerə özü çata bilir, əldə edə bilmədiklərinə isə əllərini uzadaraq nail olur. Lakin yeridikdən sonra artıq hərəkət qabiliyyəti artır və istədiyi yerə, hədəfə çata bilir: "İnkişaf müddətində uşaqların 8-10 aylığında iməkləməsini, 12-14 aylığında yeriməsini gözləyirik. Bəzən uşaqlar iməkləmədən birbaşa yeriməyə başlayırlar. 8-10 aylığında iməkləməyən uşağın 11-12 aylığında ayağa qalxıb yeridiyinin də şahidi oluruq. Bu cür vəziyyət inkişafın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və narahat olacaq bir hal deyil".

Sirr deyil ki, tez yeriyənlər kimi gec yeriyən uşaqlar da var: "Bir uşağın yeriməsi üçün maksimum gözləmə müddəti 15-18 aya qədərdir. Artıq 18 aylıq bir uşaq ayağa qalxmırsa, addımlayaraq, tutaraq və ya əlindən tutan zaman heç yerimirsə, mütləq müayinə edilməlidir".

Ə. Ergünün uşaqların gec yerimə səbəblərini bu cür sıralayıb:

- Fiziki inkişaf problemi

- Zehni inkişaf problemi

- Əzələlərlə bağlı problemlər

- Sümük əyriliyi

- Vitamin əskikliyi

- Körpə vaxtı D vitamini verilməməsi

- Ana-ataya həddən artıq bağlılıq

- Uşağın həddən çox qucaqda saxlanması

- Yerimək istəyən uşağın bir neçə dəfə yıxılması nəticəsində qorxu yaranması

Həkim bildirir ki, əgər uşağın yeriməməsi inkişaf baxımından problem və ya tibbi bir narahatlıqla bağlıdırsa, bu halları aradan qaldırmaq üçün tibbi müayinə şərtdir. Lakin uşaqların yeriməsi ana-ata bağlılığı və uşağın qorxuları ilə əlaqəlidirsə, bu cür vəziyyətlərdə valideynlərin düzgün və sağlam münasibət inkişaf etdirməsi, uşağın rahatlandırılması və qayğılarının azaldılması vacibdir.

Pedaqoq bunun üçün valideynlərə məsləhət verir:

- Həddən çox qoruyucu rəftarlarından vaz keçməlidirlər

- Uşaq hər dəfə ayağa qalxıb yeriyəndə ana-atalar qayğı ilə uşağın yanına getməməlidirlər

- Əlindən tutaraq uşağa dəstək olmalıdırlar

- Yeridiyi zamanlarda uşağa dəstək olmalıdırlar

- Uşağın yanında "yerimir, nə vaxt yeriyəcək?" kimi söhbətlər etməməlidirlər

- Uşağa "qorxma, yerimə" kimi təlimatlar yerinə "sənə güvənirəm" kimi motivasiyaedici sözlər deməlidirlər

- Uşaqlar büdrədikdə və ya yıxıldıqda "ağrıtdı? Çox ağrıtdı" sualları verməməli, əskinə, "əlini ver qalxaq" kimi yanaşılmalıdır

- Uşaq yerimək kimi, yıxılmağın da təbii olduğunu bilməlidir

- Uşaq yeriyən zaman stol, stul, çarpayı və ya başqa əşyaya dəyərsə, "ora pisdir, uşağımı incitdi" deyərək reaksiya verilməməlidir.

Saglamolun.Az