Facebook Pixel Code
GoMap XƏRITƏ
Seyidlər piri
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7404
Avtobus

İydəli Pir - sufi xanəgahı, seyid məkanı – Kəngərli rayonunun Şahtaxtı kəndinin yaxınlığında yerləşən «İydəli Pir» (Seyidlər piri) b.e.ə. II-I minilliyə aid olan və əhalinin daş və su inanclarına bağlı abidə kimi bilinir. «İydəli Pir» barəsində yazılı mənbələrdə çox az məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli əhali və ətraf kəndlərin camaatı arasında hələ heç yerdə dərc olunmamış xeyli əfsanələr, rəvayətlər indi də dolaşmaqdadır. Məsələn, deyilənə görə, elə 1501-ci ildə Şah İsmayılın «Şərur düzü»ndəki döyüşü öncəsi düşərgə kimi «İydəli Pir» ərazisini seçməsi də təsadüfi deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət aurası və düşərliliyi – Həzrəti Əli adına bağlanan sufi xanəgahı olmasıyla bağlıymış. Hətta belə rəvayətlər var ki, İsmayılın 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda «İydəli Pir»də gecələməsi yaradıb. Doğrudur, elmi mənbələrdə Şah İsmayılın «İydəli Pir»də gecələdiyi haqda yazılı olaraq konkret dəlil, sübut yoxdur və bu, ancaq rəvayət şəklindədir. Ancaq ərazini yaxşı tanıyanların, həmçinin orta əsr dövrünün döyüşlərinin tədqiqatçılarının söylədiklərinə görə, «Şərur düzü» adlandırılan ərazini müşahidə etmək, eyni zamanda fövqəladə situasiyada özünümüdafiə, yaxud geri çəkilmək üçün ən münasib məkan məhz «İydəli Pir»dir. Bu yer illər uzunu yerli əhalinin xüsusi inam, məhəbbət bəslədiyi müqəddəs ziyarətgah olub. Hətta məşhur «Əshabi-Kəhf» ziyarətgahında olduğu kimi, işləri dolaşığa düşən, qəlbində hansısa niyyətin həyata keçməsini tutan kəslər bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Sonralar bu «daş yapışdırma» adəti «şam yandırma» ilə əvəz olunub və bu, indi də davam edir. Kənd ağsaqqallarının və ağbirçəklərinin dediklərinə görə, dəfələrlə sınaqdan çıxarıldığından, «İydəli Pir»in müqəddəs yer olduğuna artıq heç kimdə şübhə yaranmazmış. Xatırladaq ki, indiki Şahtaxtı kəndinin təxminən 2 kilometrliyində yerləşən bu ziyarətgah ətrafı qayalıqlardan ibarət təpənin Araz çayına baxan hissəsində qərarlaşıb. Qayalığın çıxıntısının altındakı mağara tipli yerdə indi də bir neçə nəfər rahat şəkildə yağışdan, külək və qardan qoruna, gecələyə bilər. Təpənin üstü hər hansı düşərgənin təhlükəsiz yerləşməsi üçün ideal şəraitə malik olmaqla bərabər, həm də gözəl mənzərəyə açılır: buradan dörd bir tərəf, o cümlədən Araz çayının hər iki sahilində yerləşmiş yaşayış məntəqələri, əkin yerləri ovuc içindəki kimi aydınca görünür. Təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan «12» ədəd kəhrizin yeri qalıb və bir neçəsindən hələ də Araz çayı istiqamətinə su axır. Qeyd edək ki, kəndin «Şahtaxtı», iydəliyində pirə çevrilərək «İydəli Pir» adlandırılmasının məhz bu məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda K.N. Smirnovun yazdıqlarını sonradan baş verən bir sıra mühüm hadisələr – nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi İmam Zeynəlabidinə gedib bağlanan və Hicaz – Məkkə və Mədinə bölgəsindən İrana - Xorasana, oradan da Naxçıvanadək gəlib çıxmış böyük bir seyid ocağının bu torpaqları uzun əsrlər özlərinin daimi yurd yerləri seçmələri də təsdiqləyir. Ümumiyyətlə, tarixi sənədlər də təsdiqləyir ki, Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında və kəndə rəhbərliyin həyata keçirilməsində üç şəxsin – həm də üç tayfa başçısının böyük rolu olub: I İsa Sultan, Yüzbaşı Məhəmməd Rza bəy və «Böyük Seyid» ləqəbli Mir Abdulla Ağa. Rus çarının fərmanına uyğun olaraq, Naxçıvan ərazisində olan bəy, sultan, axund, molla, seyid və keşişlərin 1842-ci ildə ayrıca qeydiyyatının aparıldığı siyahıda da o dövrdə Şahtaxtıda bir nəfər bəyin – Hüseyn bəy Məmməd Rza bəy oğlunun, bir nəfər seyidin – Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və bir nəfər sultanın – Məşədi Tağı Sultan Hacı İsa Sultan oğlunun adları qeyd olunub. Yeri gəlmişkən, 1831-ci ilin kameral siyahıyaalınmasında Şahtaxtında olan 43 ailədən 19-nun Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy oğlu başda olmaqla, Kəngərli tayfasının «Cəmşidli» qoluna aidliyi qeyd edilib. Mir Abdulla Ağa isə Şahtaxtıdakı ilk seyidlər sülaləsinin əsasını qoymuş şəxsdir. Siyahıda Məşədi Tağı Sultanın atası kimi adı çəkilən Hacı İsa Sultan isə sonradan «Şahtaxtinski» soyadını daşıyan məşhur tayfanın başçısı sayılır.

http://85.132.52.202/~lentaz/news.php?id=38087

Son xəbərlər