Facebook Pixel Code
GoMap XƏRITƏ
"Əshabi-Kəhf" ziyarətgahı
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7200
Avtobus

Naxçıvan şəhərindən təqribən 12 km aralı, Ilandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah. Ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Uzun illər bir sıra ədəbiyyatda mövcud olmuş yanlış fikrə görə hadisə xristianlıqla əlaqələndirilmiş, Qurani-Kərimdə adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilmişdir. Həmin ədəbiyyatlarda Naxçıvanda olan Əshabi-Kəhf mağarasından və rəvayətdən bəhs olunmamışdır. Lakin son dövrdə aparılmış araşdırmalar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf mağarası Naxçıvan ərazisindədir və bunun xristianlıqla heç bir əlaqəsi yoxdur. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. Iri həcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvarı haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: “Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli-adı çəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında (22.03-20.04-1776) lövhəni yazıb qurtarmışdır”. Göründüyü kimi əvvəllər bu kitabənin yerində Qurani-Kərimin qeyd olunan ayələri həkk olunmuş ayrı bir kitabə olmuş, ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı üçün həmin vaxt Naxçıvan ölkəsinin hakimi olan Şükrulla xan Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazılıb onun yerinə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulmuşdur. Kitabədə deyilir: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılmışdır. Bərpa və abadlıq işləri zamanı Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

Son xəbərlər