Facebook Pixel Code
GoMap XƏRITƏ
Qutlu Musa türbəsi
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0200
Avtobus

Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da “Xaçın + türbə(t) + li” müəyyənləşdirmişdir. Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aranmemarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşgə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.

Son xəbərlər