Facebook Pixel Code
GoMap XƏRITƏ
Şeyx Tair Tac Əl-Huda Mərdəkani xanəgahı
Baxış sayı:
  • Ünvan:
    Mirza Ələkbər Sabir, Şamaxı, AZ5615
Avtobus

Şamaxı şəhərindən cənub-şərq tərəfdə, Göylər kəndində Yaxın Şərq ölkələrinə gedən qədim Şamaxı-Cavad-Ərdəbil yolu üzərində möhtəşəm bir abidə ucalır. Bu abidə yerli xalq arasında Pırı- Mərdəkan adı ilə şöhrət tapmışdır. Əzəmətli memarhq kompleksidir. O, hələ XVII əsrdən bəri bu yerlərə gələn bir sıra alim və səyyahların, o cümlədən alman səyyahı Adam Olearinin diqqətini özünə cəlb etmişdi.

Son illərə qədər müxtəlif elmi ədəbiyyatlarda bu abidəni sadəcə olaraq «Pir» və yaxud «Türbə» vəzifəsini daşıyan abidə kimi qeyd edirdilər. Lakin aparılmış əsaslı tədqiqatlar zamanı onun ətrafında karvansara, hücrə məscid və s. ictimai binaların aşkar edilməsinə əsaslanaraq onu Xanəgah tipli abidələr sırasına daxil etmək olar. Piri-Mərdəkan türbəsi hal-hazırda, demək olar kı, salamat haldadır. Tikinti hündür dağın üzərində yerləşmişdir. Belə ki, onu kəndin hər tərəfindən görmək mümkündür. Əsrlər şahidi olan bu mürəkkəb tikilinin içərisində dəfn edilmiş şəxs haqqında bir neçə əfsanə vardır. Onlardan biri belədir: «Bu yerlərə hamıdan əvvəl gələn və əkin-biçinlə məşğul olan Pirmərdəkan adlı bir nəfər burada tənha həyat keçirərək yaşayırdı. O, buradan xeyli uzaqda olan karxanadan daş gətirir, halal qazancı ilə özünə sərdabə tikir və onun həyətində bağ-bağat salır. Uzun ömür sürən bu qoca ölərkən sərdabənin içərisində basdırılmasını vəsiyyət etmişdi ki, buna da əməl olunur. O, öləndən sonra bağ-bağat sahibsiz qaldığından məhv olmuşdur...».

Türbənin plan quruluşu günbəzli məqbərələrin çox təsadüf edilən variantını təkrar edir. Belə ki, bu tikinti qala-günbəz tipli türbələrə aid edilmişdir. Belə günbəzli məqbərələr ibadətxana tipli tikinti olduğuna görə bu növ abidələrdə dəfn olunan adamın ziyarətinə gəlir, dini mərasimlər yerinə yetirirdilər. Məhz elə buna görə də bu tip məqbərələrdən bir növ məscid kimi də istifadə olunurdu.

Türbənin inşaat materialı əhəngdaşıdır. Divarları yaxşı yonulmuş daşlarla hörülmüş və yaşımtıl-göy rəngə çalır. Divarı iki sıra daşdan ibarətdir. Həmçinin, günbəz hissəsi də iki sıra daşdan hörülmüşdür. Türbənin daxili sərdabə olan hissəsi quruluşuna görə kvadratşəkillidir və künclərdəki tağlar vasitəsilə səkkizbucaqlıya çevrilir, üstü də piramidalı çatırla örtülmüşdür. Türbənin hündürlüyü 4,7 metrdir.

Şərq tərəfdən türbəyə üç otaq birləşdirilmişdir. Bunlardan 4,4x7,3 metr həcmi olan böyük otaq ibadət üçündür. Qalan iki otaqlar uçulub dağılmışdır.

1978-ci ildə tədqiqatçılar bu memarlıq kompleksini bir daha nəzərdən keçirmiş, burada olan kitabələr yenidən tədqiq edilmişdir.

Türbənin içərisində məzar üzərinə qoyulmuş daşdakı (ölçüsü 0,81x0,56 m) kitabə sement suvağından təmizlənmiş və oxunmuşdur. Ərəbcə süls xətti ilə yazılmış altısətirlik kitabədə qəbir şeyx, imam, alim Tair Tac əl-Huda Mərdakani ibn Əlinin olduğu göstərilir. Sözləri əhatə edən haşiyədə, ayrı-ayrı xonçalar içərisində 13 dəfə «Allah» sözü yazılmışdır. Kitabədə tarix verilmir, lakin burada olan ikinci kitabəyə görə abidənin tarixini nisbətən müəyyən etmək olar.

Qapıdan girən yerdən sol tərəfdə divara başqa bir kitabə nəsb edilmişdir. Kitabənin də yalnız iki sətri salamat qalmışdır. Yazıda Şirvanşah III Mənuçöhrün oğlu I Fərruxzadın adı çəkilir. O, 1203-1204-cü ildə vəfat etmişdir.

Bu kitabələrin mətni müəyyən edildikdən sonra tədqiqatçılarda fikir ayrılığı yaranır. Bir qismi qeyd edirlər ki. türbə binası birinci kitabədə adı qeyd olunan şəxsin məzarı üzərində Şirvanşah Fərruxzadın əmrilə inşa olunmuşdur ki, bu da dəfn olunan alimin yüksək təbəqəyə və geniş şöhrətə malik olduğuna sübutdur.

Lakin yazını tədqiq edən başqa tarixçilər belə qənaətə gəlirlər ki, kitabə abidənin tikinti tarixinə və yaxud Şirvanşahın ola bilsin ki, elə qəbrinə aiddir. Çünki məlumdur ki, Şirvanşah I Fərruxzad ibn Mənuçöhr 1203-1204-cü ildə vəfat etmişdir. Lakin kitabədəki yazıların hamısı salamat qalmadığı üçün bunu dəqiq müəyyən etmək mümkün deyil.

İllər keçdikcə türbədə dəfn olunan şeyxin və türbənin adı ağızdan-ağıza keçərək təhrif olunmuş formada - «Mədəkani» əvəzinə «Mərdəkan» kimi bizə gəlib çatması ehtimalını tədqiqatçılar söyləyirlər. Mədək - cənubi Azərbaycanda Həsənabadın 27 km cənub-şərqində yer adıdır. «An» və «i» şəkilçiləri şeyxin Mədəkdən olduğuna işarəni tədqiqatçılar sübut kimi irəli çəkirlər. Öz dövrünün görkəmli alimi olan Tac əl Hudanın «Mömin», «Şeyx» ləqəblərinə və «imam» vəzifəsini tutduğuna görə, onun Xanəgah imamı olduğunu söyləyirlər.

Imamın Şirvanda yaşayıb fəaliyyət göstərməsi təsadüfi deyil. Məlum olduğu kimi, XII əsr Azərbaycanda, o cümlədən Şirvanda da elm və ədəbiyyatın inkişaf etdiyi dövrdür. Həmçinin, Şirvanda sənətkarlıq və ticarət də inkişaf etmişdir. Şamaxının «Dar əl-Ədibi» və «Şairlər məclisində» zəmanəsinin görkəmli şair və ədibləri, alimləri toplaşmışdılar. Elə bunu qeyd et- mək kifayətdir ki, böyük söz ustadı və mütəfəkkir Xaqani Şirvani və onun əmisi, görkəmli alim, həkim və filosof Kafiəddin Ömər ibn Osman məhz elə bu dövrdə Şamaxıda yaşayıb-yaratmış, elm və ədəbiyyat aləminə tükənməz incilər bəxş etmişlər.

Türbə ilə üzbəüz kiçik həyət vardır ki, buradan da hücrənin içərisinə daxil olmaq olar. Tədqiqat zamanı müəyyən edilmişdir ki, hücrəyə iki giriş yolu var idi. Həyət tərəfdən daxil olmaq üçün giriş hissəsi zəngin memarlıq formada işlənibmiş. Hücrənin sol tərəfində ibadət zalı da olmuşdur. Bura həyətdən də daxil olmaq olardı.

Məscidin cənub divarında - mehrab vardır. Hücrədə elmi axtarış zamanı, Şirvanşahlara qulluq etmiş daha iki şeyxin məzarları tapılmışdır. İki qəbirüstü daşlar aşkar edilmişdir, müqaisədə nisbətən kiçik qəbir daşının üzərindəki yazıdan aşkar olunur ki, burada Tacəddin adlı bir alim, şeyx dəfn olunmuşdur (XII əsr). İkinci böyük qəbir daşın üzərindəki yazıdan isə məlum olur ki, burada XVIII əsrdə yaşamış Şeyx Zəxrəddin dəfn olunmuşdur. Bu məzarlardan və həmçinin ətrafda olan başqa məzarlardan belə nəticəyə gəlmək olar ki, Xanəgah XII-XIII əsrlərdə fəaliyyət göstərirdi və bu kompleks uzun bir müddət ərzində sufilərə məxsus dini mərkəzlərdən biri olmuşdur.

Son xəbərlər