Facebook Pixel Code
GoMap XƏRITƏ
Asnı piri
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7402
Avtobus

Kəngərli rayonundakı iri yaşayış məntəqələrindən olan Qarabağlar kəndində orta əsrlərin XII yüzilliyindən qalma qoşa minarəli türbə ilə Asnı piri vardır (1187-ci ildə Azərbaycanın Elxan hökmüdarı Hülaki xanın arvadı Qutay (Quti) Xatunun məzar üstü məqbərəsi. Qədim Qalaçıq əhalisi 40 gün mərhuməyə matəm saxlamaqla, bel qurşaqlarını qara parçalarla əvəz etmişlər. Bununla Qalaçıq şəhərinin adı dəyişilərək “Qarabağlar”la əvəz olunmuşdur). Pirin yaranma tarixi e.ə. I minilliyə aiddir.

Kənddəki yaşlı adamların söyləmələrinə görə, Asnı dağındakı bulağın suyu uzaq Göycə (Sevan) gölünün suları ilə əlaqədardır. Keçmiş vaxtlarda Qarabağlar (Qalaçıq) şəhərinə, uzaq Göycə mahalından Ağbulaqlı bir tacir karvan ilə daş duz aparmaq üçün Naxçıvana gedən vaxt Qalaçıqdakı bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əl ağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş kədərli hadisəni xatırlayır. Göycə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilmiş və tacir çətinliklə üzüb çıxmışdır. O, hadisədən sonra suda batan mallarından çox, qara ağacdan yonulmuş naxışlı əl ağacının suda batmasına heyfislənmişdir. Tacir özünün əl ağacını qalaçıqlı şəxsdən alaraq sübut etmək üçün yivli baş hissəsini burub açır və içərisindəki gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin (qonağın) əl ağacı ilə qızıllarını özünə qaytarırlar. Tacir isə halallıq kimi qızılların yarısını itmiş əl ağacını tapan şəxsə verib və onun haradan tapdığını soruşur. Ağacı tapan şəxs Allaha şükr edərək, əl ağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Həmin əhvalatı eşidən Qalaçıqlılar (Qarabağlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib, oranı pirə çevirmişlər Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan vermişdir.

“Asnı” sözü, “asi” - günahkar deməkdir. Ərazidə qədim dövrlərdə güclü zəlzələlər olaraq dağdan vulkan püskürmüşdür. Qalınlığı 2-3 metrədək olan vulkan külü nəinki kənddə, hətta ətraf ərazilərdə belə qalmaqdadır. Ərazidəki Qarabağlar (Qalaçıq) şəhəri 2.081 m. yüksəklikdə Dərələyəz dağ silsiləsindəki mövcud vulkan püskürməsi nəticəsində qədim İnsanların yaşayış məskənləri (evləri) uçaraq yanıb dağılmış, əhali Yaradana asi olduqlarından kütləvi sürətdə məhv olmuşlar. Uçuq şəhərdən qalmıış azacıq sayda əhali şikəst vəziyyətdə olaraq mömün çoban Bəydillinin tabın-tayfası tərəfindən Qalaçığı tikib qurmuş və sonrakı nəsillərə ötürmüşlər. Kənddəki Asnı (asi) bulağının suyu həmin zəlzələdən sonra yaranmışdır. Türkiyə dövlətinin Qars vilayətində Arpaçayın qollarından birinin adı Asnı (Asi) adlanır. Həmin zəlzələdən sonra Qalaçıq əhalisindən bir dəstə adamlar Qars tərəfinə köçüb getmiş, məskunlaşdıqları ərazidəki çaya Asnı adını vermişlər. Türkiyədəki həmin əhali hələ də, Qalaçıq danışıq şivəsi (ləhcəsi) ilə danışırlar.

Qarabağlar kəndindəki Asnı piri əsrlər keçsə də Allahın möcüzələri nəticəsində dağ başında yaratdığı gur sulu bulağı ilə insanların inanc yeri kimi ziyarətgahına çevrilmişdir. Həmin bulaqdan 50 metr cənub istiqamətdə rayonda şöhrət tapmış “Asnı piri”nın binası vardır. Əvvəllər həmin yer (bina) 7x5x3 metr ölçüsündə dağ daşlarından hörülərək tək otaqdan ibarət olmuşdur. Otağın içərisində 3 metr ucalığında damın örtüyünə dayaq tirlər qoyulub. İki tağlı taxta qapı ilə pəncərəsi olan pir “evində” məzar yeri vardır. Həmin qəbir 1999-cu ildə bərpa olunaraq betonla üstü örtülmüşdür. Məzarüstü qədim sufi əlifbası ilə yazılmış daş kitabə oradakı çəkisi 4-5 kiloqrama çatan Qara daş (meteorit) yoxa çıxmışdır. Kənddəki yaşlı adamların söyləməsinə görə pirdəki məzar sahibi qədimlərdə Göyçə gölündə itirdiyi əl ağacının içərisində gizlətdiyi qızıl sikkələri burada tapmış tacir (bivaris) Həmdullahınkıdır. (Həmin şəxsin adını əvvəllər pirdə mücövür olmuş mərhum Binət kişinin oğlu 90 yaşlı Qarabağlarlı məşhədi Məhərrəm kişi bildirmişdir).

2005-ci ilin 6 dekabr tarixli Naxçıvan MR Ali Məclisi sədrinin imzaladığı sərəncamla Muxtar Respublikanın hər yerində olduğu kimi Qarabağlar kəndində də, tarixi və mədəniyyət abidələrinin qorunub saxlanması və passportlaşdırılması işləri sürətlənərək kənddəki orta əsrlərdən qalma memarlıq abidələri ilə bərabər Asnı piri də, yenidən təmir bərpa olunmuşdur. Asnı pirində zəvvarlar üçün mədəni-məişət şəraiti yaradılmışdır. Pirin binası yenidən dörd künc formalı tikilmiş və künc diarlarında uca çıxıntılarla hörülərək milli naxışlarla bəzədilmişdir.

Ərazidə dağ nanəsi ilə xüsusi arealı olan ətirli kəklikotu yayılmışdır. Bundan başqa dağ döşündə xüsusilə yaz aylarında Güləbətin, Gəngiz otu, Gülxətmi, Ətirşah və digər dağ gülləri daha çox olurlar. Asnı pirinə əsasən yenicə nigah bağlamış gənc ailələr ziyarətə gələrək Allaha qurbanlar kəsdirib ehsanlar verirlər. Bulaq suyundan apararaq xeyir-bərəkət və xoşbəxt ailə qurmaq üçün xəmirə qarışdırıb çorək bişirirlər. Asnı pirindəki bulaq suyu gənc ailə quranların xoşbəxtliklərinə təminat zəmini yaratmaqdadır.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər