Bakı şəhərinin mərkəzində, Ç.Mustafayev küçəsində yerləşən bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.
Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir (XIX əsr). Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası