Facebook Pixel Code
GoMap XƏRITƏ
Gəncə Şah Abbas Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Gəncə, AZ2000
  • Telefon:
    (+994 50) 329-25-71 - Məmmədov İsgəndər Mirzə
Avtobus

Gəncə şəhər Şah Abbas məscidi – Məscid Gəncə şəhərindədir. İbadət zalının sahəsi 14x17 metrdir. 1606-cı ildə Şah Abbasın göstərişi ilə tikilib. Məscidin bünövrəsi möhkəm olduğundan 1826, 1861, 1867, 1870, 1896, 1900, 1903, 1908, 1910, 1938-ci illərdə Gəncədə baş vermiş zəlzələlərin dağıntısına məruz qalmamışdır. O, məşhur memar Şeyx Bəhaəddin Məhəmməd Amilinin planı üzrə tikilmişdir. Bu məscidin diqqət çəkən əlamətlərindən biri də budur ki, günün günorta çağı binanın günbatan divarına düşən kölgə itir ki, bu da günorta namazına başlamağın vaxtını bildirir. Məscidin binasında 12 kiçik hücrə də vardır ki, onların hamısı bir-biri və ibadət zalı ilə tağlı dəhlizlər vasitəsilə əlaqələndirilmişdir. Məscidin damının metal örtüyü XX əsrin əvvəllərində Gəncə Müsəlmanlarının Xeyriyyə Cəmiyyətinin vəsaiti hesabına tikilib. Məscidin yanında qoşa minarələr ucaldılmışdır. Minarələr ayrı-ayrı tarixlərdə inşa edilib. Onlardan birinin inşa tarixi hicri-qəməri təqvimlə 1271-ci ilə (XIX əsrin ortaları) aiddir. Yerli sakinlərin qeyd etdiyinə görə, bir vaxt minarələr Çar Rusiyası ordusunun artilleriya atəşinə tutulub və nəticədə zədələnib. Lakin sonralar minarə bərpa edilib. Onlar bişmiş kərpiclə hörülüb. Minarələrin hündürlüyü 22 metrdir. Məsciddə qadınların ibadət etməsi üçün xüsusi yer ayrılmışdır. Döşəmə torpaqdır. Minbəri taxtadan olub doqquzpilləlidir. Mehrabı divarın içərisindədir və tağvari formadadır. İç divarları qum-sement məhlulu ilə suvanmış və göy rənglə işlənib, Məscidin həyətində Şah Abbas dövründə tikilmiş hamam da qalmışdır. İndi o, muzey kimi qorunur. Məscidin pəncərələri rəngli şüşələr və şəbəkələrlə işlənib. Günbəzin və minarələrin üzərində aypara qoyulub. 1936-cı ildən 1944-cü ilə qədər məscidin fəaliyyəti dayanıb. Lakin 1944-62-ci illərdə məscidin fəaliyyəti rəsmi olaraq bərpa edilib. 1990-cı ildə yerli camaatın təşübbüsü nəticəsində Qafqaz Müsəlmanları Ruhani idarəsinin rəhbərliyi ilə məscid yenidən fəaliyyətə başlamışdır.1991-92-ci illərdə məsciddə təmir-bərpa işləri aparılıb. Gəncənin Şah Abbas meydanına bəzən Böyük Meydan da deyirlər. Bu meydanın quzey hissəsini Cümə məscidi kompleksi tamamlayırdı. Kompleksin həyəti dördbucaqlı formada olub, Gəncə Cümə məscidini təşkil edirdi. Burada bir çox dini və ictimai ocaqlar var idi. Həmin ərazi indi məscid hücrələrdən ibarət birmərtəbəli bina formasında hörülüb ki, orada da ruhanilər, dərvişlər, müsafirlər, mərsiyəxanlar və qismən mədrəsədə oxuyan tələbələr qalırdılar. 1804-cü ildə bu cür hücrələrin sayının 47-yə çatması xəbər verilir. Hücrələrin yaxınlığında uzunsov bir bina da yerləşmişdi. Bu, mədrəsə idi. Mədrəsənin sinifləri hücrə tipli kiçik otaqlardan ibarət idi. Mədrəsə və məscidin müştərək kitabxanası olmuşdur. Həmin kitabxana əsrin 30-cu illərində məhv edilib. Məscidin güney tərəfində Xan qəbiristanlığı yerləşib. Cavad xanın qəbri də buradadır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər