Facebook Pixel Code
GoMap XƏRITƏ
Qızılburun yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Azadlıq, Babək, AZ6700
Avtobus

Naxçıvan şəhərindən 18 km cənubda, Araz çayının sol sahilində, Qızılburun adlanan ərazidə yerləşir. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 ha-dır. Burada, 1969-cu ildə iki sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Birinci sahədəki kəşfiyyat xarakterli qazıntı işlərinin sahəsi 3 x 3,5 m olmuşdur. Buradan boz və çəhrayı rəngli keramika, monoxrom boyalı qab parçaları, qurama oraq dişləri aşkar edilmişdir. İkinci qazıntı sahəsində (10 x 10 m) 3 metr qalınlığında olan mədəni təbəqənin daha yaxşı qaldığı müəyyən edilmişdir. Qazıntılar zamanı, 1,6 m dərinlikdən Orta Tunc dövrünə aid dördkünc və oval formalı bina qalıqları aşkar edilmişdir. Dairəvi formalı binanın divarları çay daşlarından hörülərək, gil məhlulla bərkidilmişdir. Dördkünc planlı binanın divarları isə çay daşları və möhrədən tikilmişdir. Araşdırma zamanı binalardan boz və çəhrayı rəngli sadə keramika, monoxrom boyalı qab parçaları, obsidian plastinkalar, oraq dişləri, dən daşları, ox ucluqları, sümük bizlər aşkar olunmuşdur. Tapıntılar içərisində iri və xırdabuynuzlu heyvanlara aid xeyli miqdarda osteoloji qalıqlara da rast gəlinmişdir. Bəzək əşyasının tökülməsi üçün istifadə olunan gil qəlibin tapılması, xüsusilə diqqətəlayiqdir. Arxeoloji materiallara əsasən demək olar ki, Qızılburun yaşayış yeri Orta Tunc dövründə Azərbaycanın başlıca istehsal mərkəzlərindən biri olmuşdur. Qızılburun nekropolu yaşayış yerinin yaxınlığında yerləşir. Nekropol 1895-ci ildə daş qutu tipli qəbirlərin təsadüf nəticəsində dağılması ilə qeydə alınmışdır. N.V.Fyodorovun və İ.İ.Мeşaninovun apardığı qazıntılar nəticəində nekropolda Orta Tunc dövrünə bir neçə qəbir abidəsi öyrənilmişdir. İ.İ.Мeşaninovun açdığı daş qutu qəbirlər üçün başlıca olaraq kollektiv dəfnlər xarakterikdir. Skeletlər müxtəlif istiqamətlərə yönəlmiş vəziyyətdə, bükülü halda dəfn edilmişdir. Qəbir avadanlığı tunc silah, bəzək əşyaları, gil qablardan ibarət olmuşdur. Gil qablar, başlıca olaraq, çəhrayı, bəzən boz rəngdə bişirilmişdir. Çəhrayı rəngli qabların bir qismi monoxrom və polixrom boyalarla naxışlanmışdır. Arxeoloji ədəbiyyatda Qızılburun daş qutularının tarixləndirilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda V.H.Əliyev Qızılburun nekropolunun Orta Tunc dövrü materiallarını e.ə. XVII-XIV əsrlərə aid edir.

Son xəbərlər