Facebook Pixel Code
GoMap XƏRITƏ
Qəbələdə arxeoloji sahə (Çuxur Qəbələ)
Baxış sayı:
  • Ünvan:
    Qəbələ, AZ3613
Avtobus

Qəbələ arxeoloji sahəsi - Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Qəbələdə 1926-cı ildən başlayaraq arxeoloji tədqiqatlar aparılır. 1959-cu ildən etibarən isə orada stasionar ekspedisiya işləyir. Bu isə o deməkdir ki, uzun illər ərzində Qəbələnin tarixinə dair çox zəngin arxeoloji material toplanıb. Son 80 il ərzində orada aparılmış geniş miqyaslı arxeoloji qazıntılar zamanı əldə olunmuş çox zəngin maddi mədəniyyət kolleksiyası Azərbaycanda şəhər mədəniyyəti tarixinin dərindən və hərtərəfli öyrənilməsi üçün misilsiz əhəmiyyətə malikdir. Qəbələ şəhəri Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçay və Qoçalan çayları arasında Çaqqallı (ərazisi 50 ha-dır) adı ilə tanınan sahədə aparılmış tədqiqatlar nəticəsində e. ə IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 ha-dır) I-X əsrlərə, Qalada (ərazisi təqribən 12 ha-dır) isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Çaqqallıda şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib. Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir. Səlbirin divarları əsasən Sasani dövrü arxitekturası üçün xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından istifadə olunmaqla inşa edilib. Orada qala divarlarının xarakterini və dövrünü öyrənmək məqsədilə 1967-ci ildə tanınmış arxeoloq S.Qazıyev tərəfindən tədqiqatlar aparılıb. Bu məqsədlə şimal divarlarında yerüstü əlamətlərinə görə nisbətən daha əzəmətli görünən bürc öyrənilmişdir. Yarımdairəvi formada olan bu bürc möhrədən və tərkibində saman qatışığı olan çiy kərpicdən tikilmişdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də onun davamı olan divarlara xaric tərəfdən çiy kərpiclə üzlük vurulmuşdur. Qala divarlarının daxili tərəfində isə çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilən köməkçi divar qalıqları olduğu müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrincə 6 m uzunluğu olan bu divar əsas qala divarlarından sonra, bərpa məqsədilə tikilib. 1974-1978-ci illərdə arxeoloq F.Qədirov tərəfindən Səlbirin cənub-qərb küncündə tədqiqatlar aparılarkən orada çay daşından inşa edilmiş daha bir möhtəşəm bürc aşkar edilmişdir. Hündürlüyü 14 m olan bu bürc düzbucaqlı formasındadır. Yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra isə tuf daşdan üzlük vurulub. Mütəxəssislərin fikrincə, e.ə I əsrdə tikilən bu bürc əsrlər boyu şəhərin etibarlı müdafiə sisteminə xidmət etmişdir. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə tədqiqatlar davam etdirilərkən orada uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar qalıqları aşkar edilmişdir. Həmin divar da yonulmuş tuf daşdan və əhəng məhlulundan istifadə olunmaqla inşa edilib. 80-ci illərin ortalarında təcrübəli arxeoloq Q.Əhmədov tərəfindən Səlbirin cənub və cənub-şərq küncündə qala divarları öyrənilmişdir. Bu zaman qalanın cənub-şərq küncündə yarımdairəvi formada olan daha bir nəhəng bürcün qalıqları aşkara çıxarılmışdır. 80-ci illərin ortalarında F. Qədirov tərəfindən səhərin cənub qala divarlarının arxeoloji cəhətdən öyrənilməsinə cəhd göstərilib. Bu məqsədlə qala darvazası ətrafında aparmış qazıntılar zamanı çoxsaylı küp qəbirləri aşkar edilmişdir. Qəbələ şəhərinin xarabalıqlarında arxeoloji tədqiqatlar aparılarkən orada antik dövrə və ilk orta əsrlərə aid çoxlu yaşayış binaları, ictimai binalar və istehsal ocaqları üzə çıxarılmışdır. Məsələn, 1960-cı ildə Qalanın şərq hissəsində, Govurlu çayının sahilində Ö.İsmizadə tərəfindən ilk orta əsrlərə aid bir neçə tikinti qalığı aşkar edilib. 1961-ci ildə S.Qazıyevin rəhbərliyi ilə Qalanın mərkəzi hissəsində açılan nəhəng ictimai bina indiyədək Qəbələ qazıntılarından bəlli olan nəhəng ictimai bina qalıqlarından hesab edilir. Binanın bünövrəyə yaxın hissələri iri ölçülü yonulmuş əhəng daşından, üst hissəsi isə kvadrat formalı bişmiş kərpiclərdən istifadə olunmaqla inşa edilib. Ö.İsmizadə və S.Qazıyev tərəfindən aşkar edilən hər iki tikintinin IX əsrə aid olduğu güman edilir. Qəbələdə aparılan tədqiqatlar şəhərin su təchizatı şəbəkəsini öyrənmək baxımından da maraq doğurur. Məsələn, S.Qazıyev tərəfindən Səlbir ərazisində bir neçə yerdə su arxları aşkar edilmişdir. Həmin arxlardan birinin eni və dərinliyi 40 sm-dir. Kvadrat formalı bişmiş kərpiclə səliqə ilə hörülmüş arxın içərisinə bir-birinə geydirilmiş saxsı su tüngləri düzülüb. Tünglərin uzunluğu 42 sm, diametri dar tərəfində 10, enli tərəfdə isə 16 sm-dir. Arxeoloqlar tərəfindən Səlbirin şərq tərəfində, Govurlu çaya yaxın hissədə daha bir su arxının qalıqları aşkar edilib. Bu arx şəhər ərazisini qərb tərəfdən kəsərək Govurluçay istiqamətində uzanır. Bunlardan əlavə 80-ci illərdə Səlbir ətrafındakı yol genişləndirilərkən orada şəhəri içməli su ilə təmin edən ana su xəttinin qalıqları aşkara çıxıb. Qəbələ antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Qala divarları daxilində, yəni, həm Səlbirdə, həm də Qala ərazisində bir neçə yerdə kürə qalıqları, istehsal ocaqları, çoxsaylı istehsal çıxarları tapılıb. Arxeoloji materialların təhlili göstərir ki, ölkənin paytaxtı olmaq statusunu itirəndən (V əsr) sonrakı dövrdə Qəbələnin dünyanın bir çox ölkələri və iri ticarət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin miqyası da nəzərə çarpacaq dərəcədə genişlənib. Şəhər xarabalıqlarında və onun ətrafında aparılan tədqiqatlar zamanı tapılmış çoxsaylı sikkələr, Çindən, İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri də bunu təsdiq edir. Qəbələ və onun ətrafından indiyədək bir neçə pul dəfinəsi tapılıb. Onların xeyli hissəsi Sasanilər dövrünə (226-551-ci illər) aid pullardır. Məsələn, 1964-cü ildə Qəbələ şəhəri xarabalıqlarından 2-3 km cənub-qərbdə taxıl əkmək üçün yer şumlanarkən içərisində Sasani şahı II Bəhramın (276-293-cü illər) adına kəsilmiş gümüş draxmalar olan nadir dəfinə tapılmışdır. Maraqlıdır ki, 200 ədəd sikkədən ibarət olan bu dəfinədə Sasani pulları ilə yanaşı Parfiya hökmdarı Qotarsın (41-51-ci illər), Roma imperatorları Otonun (69-cu il), Vaspasianın (69-79-cu illər), Trayanın (98-117-ci illər) və Adrianın (117-138-ci illər) denariləri də olduğu qeydə alınmışdır. Sasani hökmdarları adından VI əsrdə zərb olunduğu bildirilir. Qəbələ qazıntıları zamanı dünyanın ən müxtəlif ölkələrində istehsal olunmuş məişət və bəzək əşyalarına da təsadüf olunmuşdur. 70-80-ci illərdə Qəbələdə hər il ən azı 4 ekspedisiya işləyirdi. 1990-cı ildən etibarən həmin ekspedisiyaların fəaliyyəti tam dayandırıldı və yalnız 18 illik fasilədən sonra, yəni 2008-ci ildə Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun iki dəstədən ibarət Qəbələ arxeoloji ekspedisiyası yenidən şəhərin antik və orta əsrlərə aid ərazilərində tədqiqatlara başlamışdır. AMEA-nın müxbir üzvü İ. Babayevin rəhbərlik etdiyi dəstə antik Qəbələdə, Qafar Cəbiyevin rəhbərlik etdiyi orta əsrlər dəstəsi isə şəhərin Qala hissəsində tədqiqat işləri aparmışdır. Bu tədqiqatlar şəhərin XVI-XVII əsrlər tarixinin bir sıra məsələlərinin öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Üzə çıxarılan çoxsaylı tikinti qalıqları və inşaat materialları Qəbələdə, ümumilikdə Azərbaycanın orta əsr şəhərlərində şəhərsalmanın və memarlıq sənətinin inkişaf səviyyəsini daha dərindən və əhatəli şəkildə araşdırmaq üçün geniş imkanlar açır. Yeni açılan istehsalat xarakterli qalıqlar, metal, keramika, şüşə və sümük nümunələri ayrı-ayrı sənət sahələrinin vəziyyəti, habelə şəhər əhalisinin məişəti və mədəni səviyyəsi barədə ətrafl təsəvvür yaradır. Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən İran və Çinlə olan intensiv ticarət əlaqlərəindən xəbər verir. 2008-ci il mövsümündə Qalanın şimal qərb hissəsində aparılan kəşfiyyat qazıntısı da uğurlu nəticələr vermişdir. Oarda ilk dəfə olaraq Qalanın kiçik qapı yerlərindən biri və onun yanında keşikçi məntəqəsi aşkar edilərək öyrənilmişdir. Oradan, həmçinin ilk dəfə olaraq qala qapısının açarı, saxsı borulardan ibarət çoxşaxəli su xətti şəbəkəsi, XII əsrdə istehsal olunan və üzərində döyüşçü-mühafizəçi tüsviri olduğu güman edilən şirli kasa, içərisində ərəb əlifbasında “Allahın adı ilə...» kəlam olan və çox güman ki, ritual məqsədlər üçün istifadə olunan şirli piyalə, habelə elmi cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən çoxsaylı digər qiymətli tapıntılar əldə olunmuşdur.

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_yanvar2009/66781.htm

Son xəbərlər