Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəmkir qalası
Baxış sayı:
  • Ünvan:
    Şəmkir, AZ5722
Avtobus

Şəmkir qalası - Eyni adlı rayonun Muxtariyyə kəndinin şimal kənarında, Şəmkirçayın sahilində, dəmir yolundan 600 m cənubda yerləşir. Qala divarları qalıqlarının, xüsusilə qərb və cənub divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 4 m-ə çatır. Bu divarlarda şəhər darvazalarının yeri aydın müşahidə olunur. Qala divarları çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan inşa edilmişdir. Şəmkirçayın yatağında şəhristana istiqamətlənmiş çoxaşırımlı körpünün qalıqları qalmaqdadır. Şəmkirçayın sahilində yerləşən, 1 hektardan artıq sahəni tutan narınqalanın (içqalanın) xarabalıqları daha yaxşı mühafizə olunmuşdur. Narınqala möhkəm qala divarları və xəndəklə qorunurmuş. Qala divarları Arran memarlıq məktəbi üçün səciyyəvi olan hörgü ilə bişmiş kərpic, çaydaşı və yerli ağ və göy daşlardan əhəngli məhlulda kombinə edilmiş hörgü ilə ucaldılmışdır. Narınqalanın daxilində bişmiş kərpicdən inşa olunmuş tikililərin qalıqları vizual izlənilir. Şəhristanın ərazisi mütəmadi olaraq şumlanaraq əkin üçün istifadə olunduğundan burada mikrorelyef pozulmuşdur. Onun ərazisində yerüstü inşaat materialları və memarlıq hissələrinə tez-tez təsadüf olunur. Şəhər memarlığında çaydaşı, yerli puç, ağ daş və bişmiş kərpicdən geniş istifadə olunduğunu söyləmək olar. Şəhristanın ərazisində istehsal qalıqlarına, ilk növbədə, dulusçuluq və dəmirçiliklə bağlı tullantılara, çıxarlara rast gəlinir. Şəhristanda 16 kv.m sahədə aparılmış yoxlama qazıntı abidənin bu sahəsində mədəni təbəqə yatımının qalınlığının 2,2 m təşkil etdiyini göstərdi. Narınqalada aparılmış arxeoloji qazıntıların nəticələri də maraqlı olmuşdur. III qazıntı sahəsində narınqalanın şərq divarı 80 m uzunluqda torpaq qalaqlarından təmizlənərək öyrənilmişdir. IV qazıntı sahəsində aparılan tədqiqatlar narınqalanın içərisində iki mədəni təbəqənin varlığını göstərmişdir. Üst, XVIII-XIX əsrlərə aid mədəni təbəqədən altda qalınlığı 4 m-ə çatan IX-XIII əsrlərə aid mədəni təbəqə üzə çıxarılmışdır. Bu mədəni təbəqədə istehkam qalıqları, təsərrüfat təyinatlı tikililər, təndir və ocaqlar, təsərrüfat və məişət quyuları, bişmiş kərpicdən hörülmüş qurğu, kürəbənd üsulu ilə düzəldilmiş kanalizasiya xətti aşkarlanaraq tədqiq edilmişdir. Orta əsr təbəqəsindən əldə olunmuş tapıntılar dəmir əmək alətləri və silah nümunələrindən, inşaat materialları və məişət əşyalarından, şirli və şirsiz saxsı qab nümunələrindən, metal və şüşə məmulatdan, bəzək əşyalarından, sikkələrdən ibarətdir.

Vəli Baxışəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər