Facebook Pixel Code
GoMap XƏRITƏ
Salbir qalası (orta əsrlər)
Baxış sayı:
  • Ünvan:
    Qəbələ, AZ3600
Avtobus

Səlbir qala – Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşir. I—XI əsrlərdə intensiv şəhər həyatı olmuş bu ərazidə əvvəllər də Azərbaycan arxeoloqları tərəfindən bir neçə yerdə kifayət qədər əhatəli tədqiqat işləri aparıblar. Hazırda Səlbir-Qala sahəsi 25 hektarı əhatə edir. Şəhər yerində müxtəlif yerüstü arxeoloji materiallara rast gəlinir. Bunların içərisində IX-XVII əsrlərə aid şirli qab qırıqları daha çoxdur. Səlbir-Qala aşağıda, cənubda qovuşan iki dağ çayları arasında hündür yastı təpəlikdə yerləşməklə müdafiə baxımından əlverişli mövqedədir. Bu ərazi həm də kirəc məhlulunda çaydaşı, yonma puçdaş və kvadrat formalı bişmiş kərpiclə hörülmüş qala divarları ilə də hasara alınmışdır. Qala divarlarının qalıqları, darvaza yeri və darvaza bürcləri şəhər yerinin cənubunda daha yaxşı saxlanmışdır. Burada qala divarları şəhərin içəri səthindən 6 m-dək yüksəklikdə qalmışdır. Səlbirdə üst təbəqə XI-XII əsrlərə aid material verir. Burada 1959-1960-cı illərdə yaşayış və təsərrüfat tikililəri, su kəmərləri, kərpic döşəmələr, təndir, ocaq qalıqları, təsərrüfat və məişət quyuları, qəbirlər aşkar olunmuş, çoxlu miqdarda saxsı, metal, şüşə məmulat və sikkələr əldə edilmişdir. 1967-ci ildə Səlbirin şimal divarının hissəsi və bir bürcü qazılmış, 1974-1978-ci illərdə Səlbirin cənub-qərb tərəfində kvadrat bürc və ona bitişik qala divarı və şəhərin mədəni təbəqələri tədqiq olunmuşdur. 1988-1989-cu illərdə Səlbirin şimal qala divarında iki yerdə (X-XI sahələr) stratiqrafik əhəmiyyətli qazıntılar aparılmış və cənubunda Səlbiri Qaladan ayıran xəndəyin kənarında, yenə iki yerdə (VIII-IX sahələr), üst mədəni təbəqələr öyrənilmişdir. Həmin qazıntılaradək Səlbirin cənub tərəfində xəndək boyu qala divarının olub-olmaması mübahisəli idi. Qazıntılar burada qala divarlarının olmadığını təsdiqlədi. Bəlli oldu ki, sakinlər Səlbiri tərk edənə qədər şəhər vahid qala divarları ilə müdafiə olunmuş, xəndək isə sonradan qazılmış, Qala hissənin müdafiəsinə xidmət etmişdir. Qala divarının tikilməsində yonulmuş iri daşlardan, çaydaşından və bişmiş kərpiclərdən istifadə olunmuşdur. İnşaat materiallarının şəhərin Səlbir hissəsinin köhnə qala divarlarından və şəhərin dağıdılmış tikililərindən əldə edildiyi ehtimal olunur. Qəbələdən təqribən 5—6 yüz metr şimalda—Uzuntala adlı ərazidə yol yeri genişləndirilərkən təsadüfən üzə çıxmış su tüngü qırıqları, uzunluğu 40, diametri 20 sm olan saxsı borulardan ibarət su kəməri aşkar edildi. Su xətti yer səthindən təqribən 1 metr dərinlikdə çəkilərək üstü kəhriz sistemində olduğu kimi, bişmiş kərpiclə hörülmüşdür. Mütəxəssislərin hesablamalarına görə, bu xətlə saatda orta hesabla 350—370 kubmetr su ötürmək mümkündür. IX əsrin əvvəllərində inşa olunan bu kəmərdən eyni vaxtda həm Səlbir, həm də Qala sakinləri istifadə etmişlər.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_avqust2009/88269.htm

Son xəbərlər