Şotlandiyalı linqvistin tədqiqatları göstərir ki, öyrənmək istədiyiniz dildə cümlələrin tələffüz edilməsi yox, bu dildə nəğmə oxumaq daha səmərəli ola bilər.
Tədqiqatların müəllifi, Edinburq Universitetinin əməkdaşı doktor Karen Ludke macar dilini öyrənənlər üzərində apardığı müşahidələr əsasında bu qənaətə gəlmişdir. K.Ludke deyir ki, macar dilinin mürəkkəbliyini nəzərə alaraq bu dili seçmişdir. Elmi tədqiqat aparmaq ideyası isə K.Ludke hələ Nyu-Yorkda əcnəbilərə ingilis dilini tədris edərkən xarici dilin öyrənilməsi prosesinin daha səmərəli üsullarını tapmaq barədə düşündüyü zaman yaranmışdır.
Beləliklə, 18-29 yaşlı şəxslərdən ibarət 60 nəfərlik sınaq qruplarını üç hissəyə ayırmışlar: birinci qrup üçün tapşırıq ingilis dilində cümlələrin macar dilində tərcüməsinin adi mətn kimi oxunmasından, ikinci qrup üçün-həmin tərcümənin nəğmə kimi oxunmasından, üçüncü qrup üçün isə tərcümənin nəğmə ilə təkrarlanan müəyyən ritmdə qiraətindən ibarət olmuşdur.
K.Ludke deyir ki, ən yaxşı nəticəni macar dilini sözləri nəğmə kimi oxuyaraq öyrənən qrup göstərmişdir (doğrudur, şagirdlər imtahanı nəğmə oxumadan, adi qaydada vermişlər).
K.Ludkenin tədqiqatlarının tənqidçiləri etiraf edirlər ki, onun təklif etdiyi metod çox maraqlıdır. Lakin onlar xatırladırlar ki, xarici dilin öyrənilməsi yalnız müxtəlif replikaların əzbərlənməsi demək deyildir. “ABC Science” saytı Kolorado Universitetinin professoru Maykl Sotdan sitat gətirərək yazır: “ Bu, həm cümlələrin, həm də qrammatikanın strukturudur. Düşünürəm ki, bu tədqiqat koqnitiv təhsildən daha çox yaddaş xüsusiyyətlərinə aiddir”.
K.Ludke bu istiqamətdə tədqiqatlarını davam etdirmək niyyətindədir.
AzərTAc