Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının “Cənubi Qafqazda e-təhsilin institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin sonuncu mərhələsi üzrə təliminin açılışı keçirilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Arif Şərifov layihənin əhəmiyyəti, təmsil etdiyi müəssisədə bu istiqamət üzrə görülən işlər barəsində danışıb. O deyib ki, AMİU-da elektron təhsil sisteminin tətbiqinə başlanacaq: “Bu məsələdə universitetdə lazımı işlər görülməkdədir. Hesab edirəm ki, xüsusilə distant təhsilin inkişafında bu layihənin əhəmiyyəti böyük olacaq”. A. Şərifov prosesin mərhələli şəkildə həyata keçiriləcəyini də vurğulayıb: “Artıq universitetdə e-kitabxana yaradılıb. Fakültələr, kafedralarımız bu sistemə keçirlər”.
Sonra tədbirdə layihə üzrə ölkə əlaqələndiricisi Elşən Nuriyev və ali məktəbin nümayəndələri danışıblar. Yığıncaqda “Təlim dizaynı”, “Məzmunun hazırlanması”, “e-təlimçilik”, “Strategiyanın hazırlanması və idarəetmə” mövzularında çıxışlar olub.
APA