Bakıda Milli Gimnastika Arenası tikilir - FOTO
28.9.2012

Bakıda inşa olunan Milli Gimnastika Arenasının (MGA) tikintisinin gələn ilin iyun-iyul aylarında başa çatdırılacağı gözlənilir.

Bu barədə cümə günü arenanın tikintisi ilə məşğul olan şirkətdən məlumat verilib.

Qeyd edək ki, Milli Gimnastika Arenası Heydər Əliyev prospektində "Koroğlu" metrostansiyasının yaxınlığında təxminən 6.000 tamaşaçı yerindən ibarət olacaq. MGA əsasən müsabiqə səviyyəsində ritmik və bədii gimnastikaya ev sahibliyi etmək üçün layihələşdirilir. Arena xüsusi olaraq, müxtəlif funksiyaları icra etmək və ya tələb olunduğu təqdirdə idman tədbirləri keçirmək məqsədilə əsas arenaya uyğunlaşdırılmaq üçün layihələşdirilir.

MGA beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri məqsədilə də nəzərdə tutulur. Gimnastların təlim keçmələri üçün imkanlara yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları aiddir.

Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. MGA beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək.

Arenanı tamamlamaq üçün 24.000 kv.m ətraf landşaft layihələşdirilir ki, bu da 300-dən çox maşının saxlanması üçün yeraltı avtomobil dayanacağı olacaq.

Milli.Az