CAR-ın Pretoria Universitetində Azərbaycanla bağlı sərgi təşkil olunmuşdur
21.2.2012

Fevralın 20-də ölkəmizin Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi bu ölkənin ən böyük ali məktəblərindən olan Pretoria Universitetinin mərkəzi kitabxanasında Azərbaycanla həsr olunmuş sərgi təşkil etmişdir.
Səfirlikdən bildirilmişdir ki, sərgidə ölkəmizin və Bakının tarixinə, müasir dövrünə həsr olunmuş şəkillər nümayiş etdirilir.
Sərgi iştirakçılarına, həmçinin 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələrindən bəhs edən fotoekspozisiya da təqdim edilmişdir. Ekspozisiyaya ingilis dilində nəşr olunmuş Azərbaycanın tarixi, mədəniyyəti, milli və təbii sərvətləri, Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və digər mövzulara aid kitablar, milli suvenirlər də daxil edilmişdir. Sərgidə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş və yüksək poliqrafik keyfiyyətə malik kitablar xüsusi yer almışdır.