Düşüncə gücü ilə idarə olunan süni protez təqdim olunub
22.5.2015

İslandiyanın protez istehsalı üzrə ixtisaslaşmış “Ossur” şirkətinin nümayəndələri şirkətin düşüncə güçü ilə idarə olunan süni protez hazırlaması haqqında məlumat verib. “Proprio Foot” süni protezləri Kopenhagendə keçirilmiş mətbuat konfransında nümayiş etdirilərək qurğunun əsasını “Implanted MyoElectric Sensor” (“IMES”) texnologiyası təşkil etdiyi bildirilib.

Xüsusi ötürücülərdən istifadə motorlu protezin həqiqi ayaq altı kimi işləməsinə imkan verir.

Ötürücülər xəstənin əzələ toxumasına implantasiya edilir və protezin quraşdırılması əməliyyatı 15 dəqiqə çəkir. Ötürücülərin enerji təchizatı protezdə yerləşdirilmiş kiçik maqnit rulonlar hesabına həyata keçirilir.

Şirkətin nümayəndələri yaxın gələcəkdə protezlərin daha təkmilləşdirilmiş modellərini hazırlamağa imkan verəcəyi üçün yeni ixtiranı bu sahədə inqilab hesab edirlər.

Qeyd edək ki, “Proprio Foot” süni protezinin 3-5 il sonra satışa çıxarılması nəzərdə tutulur.

Xeberler.az