Məşhur türk aktyorları Bakıda: “Sizin sevginizdən elə təsirlənmişik ki, bura min dəfə də gəlməyə hazırıq” - Fotolar - Video
30.1.2015

Hələ ötən ildən müjdəsi verilən Türkiyə istehsalı olan “Aşk sana benzer” bədii filminin premyerası, nəhayət ki, Bakıda da baş tutdu.

Ötən axşam bu filmə böyük ekranda baxmaq istəyən hər kəs Nizami Kino Mərkəzinə toplaşmışdı.

Amma məqsəd təkcə premyeranı izləmək deyildi, həm də sözügedən ekran əsərinin baş qəhrəmanlarını canlı görmək idi.

Belə ki, “Aşk sana benzer” filminin qala-gecəsində iştirak etmək üçün Azərbaycana təşrif buyuran məşhur türkiyəli aktyorlar - əsasən, “Yaprak dökümü”, “Çalıquşu” seriallardan sevilən aktrisa Fahriye Evcen, “Muhteşem yüzyıl” serialının “Malkoçoglu”su, “Çalıquşu”da Kamran obrazını yaradan Burak Özçivit, “Muhteşem yüzyıl”ın “Sünbül ağası” Selim Bayraktar və filmin rejissoru A.Taner Elhan kino mərkəzə gələrək fanatları ilə görüşdülər.

Öncə “qırmızı xalı”dan keçən yaradıcı heyət güclü fanat ordusu ilə üzləşdilər. Amma təəssüf ki, iki saata yaxın ayaq üstə sevdikləri aktyorları gözləyən və əsasən gənc qızlardan ibarət olan fanatlara onlarla şəkil çəkdirmək, avtoqraf almaq imkanı verilmədi.

Qala-gecə “Aşk sana benzer” filminin nümayişi ilə davam etdi. Yaradıcı heyət də zalda əyləşərək bu ekran əsərini tamaşaçılarla birgə seyr etdi.

Dram, romantik komediya janrında çəkilən filmi Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhan lentə alıb. Film dəniz kənarında bir balıqçı qəsəbəsində yaşanan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən ona miras qalan restoranı ayaqda saxlamaq üçün gecə-gündüz çalışan Ali (Burak Özçivit) bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızı, Denizi (Fahriye Evcen) görür. Onlar ilk baxışdan bir-birlərinə vurulurlar. Zaman keçdikcə daha çox aşiq olan gənclərin sevgisinə bütün qəsəbə şahid olur. Amma onların xoşbəxtliyi uzun sürmür. Denizin keçmişindən gələn biri sevənlərin həyatını alt-üst edir...

Qeyd edək ki, premyeradan sonra səhnəyə çıxan yaradıcı heyət tamaşaçıların gur alqışları ilə üzləşdilər. İlk olaraq söz alan Burak Özçivit “çox həyəcanlıyıq” dedi:

“Ta İstanbuldan bura gəldik, çox yorulduq. Amma bu bizi qətiyyən narahat etmir. Sizin bizə olan diqqətiniz, sevginizdən elə təsirlənmişik ki, bir dəfə deyil, bura min dəfə də gəlməyə hazırıq. Eşq sizə bənzəyir Azərbaycan, Bakı deyirik!”

“Filmi sizinlə bərabər seyr etmək çox gözəl bir duyğudur”. Bunu isə Fahriye Evcen dedi. O, baş rolda oynadığı bir ekran əsərini seyrçilərlə birgə izləməyin həyəcanverici olduğunu söylədi:

“Sizin reaksiyalarınızı görürük - ağlayanlar da var, gülənlər də. Ümid edirik ki, filmi bəyənmisiniz. Çox çətin şəraitdə çalışmışıq. Amma sizin bizə qarşı olan bu diqqətinizi, məhəbbətinizi görəndən sonra bütün yorğunluğumuzu unutduq”.

Fanatlarını Azərbaycan türkcəsində salamlayan Selim Bayraktar “qardaş, necəsən?” söyləməsi ilə onsuz da çılğın olan tamaşaçıları daha da coşdurdu. Filmi izləyənlərin əsasən qadınlar olduğunu diqqətə çatdıraraq, “xanım əfəndilər çox dəyərlidirlər, heç bir zaman acı çəkmələrini istəmərik” dedi:

“Heç bir şəkildə sizə zərər verəcək problemli eşq münasibətlərinə girməyin. Ailədə sevgi olmazsa, uşaqlar da sağlam böyüməz. Sevgi olanda cəmiyyət də sağlam olur. Bu filmdə sizə məhz bunu anlatmağa çalışdıq”.

“Öz çəkdiyim filmə baxarkən gözlərim doldu”, - bunu isə filmin rejissoru A.Taner Elhan söylədi. Onun sözlərinə görə, filmdə məhəbbətin “hər üzü” göstərilir: “Burada nəşə də, həyəcan da, sevinc də var, hüzn də var, kədər də. Ümid edirik ki, sizi çox üzmədik”.

Ürək sözlərini tamaşaçılarla bölüşən yaradıcı heyət daha sonra sevənləri ilə “selfie” çəkdirdilər.

Premyeradan sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında müxtəlif sualları cavablandıran Burak Özçivit filmin ərsəyə gəlməsi barədə danışdı: “Fahriye ilə “Çalıquşu” serialında bərabər oynayırdıq. Serial bitəndə çox üzüldük, bitməsini istəmirdik. Bu serialda gözəl cütlük idik, sevilirdik. İşbirliyimizi davam etdirmək qərarını verdik. Amma bunu bir serial kimi davam etdirə bilməzdik. Bəlkə bir sinema filmində çəkilək, deyə düşündük. Mənim yazdığım qısa hekayələr var. Amma bu hekayə onlardan biri deyil. Sadəcə bir cümlə yazmışdım - balıqçı oğlanla dondurma satan qızın hekayəsi. Filmin ssenarisi də bu bir cümlənin üzərində quruldu”.

Türkiyə mediasına inansaq, Fahriye Evcenle Burak Özçivit “Çalıquşu”ndan sonra serialdakı eşqlərini həyatlarına da gətiriblər. Onların sevgili olduqları söylənilsə də, aktyorlar bunu nə təsdiq, nə də inkar edirlər. Elə bizim mətbuat nümayəndələrinin də bununla bağlı sualına Burak Özçivitin verdiyi cavab belə oldu: “Daha öncə də bu barədə çox danışmışam. Biz Fahriye ilə bir serialda, həmçinin bu filmdə sevgili obrazını yaratmışıq. Bir-birimizə olan sevgimizi, hisslərimizi göstərməyə çalışmışıq”.

Elə bu zaman həmkarlarının köməyinə gələn Selim Bayraktar “mən keçən dəfə onları əl-ələ tutan gördüm. Onlara baxdığımı görən kimi əllərini çəkdilər”, - deyərək söhbəti zarafata çevirdi.

Yeri gəlmişkən, Azərbaycan türkcəsini çox gözəl anlayan Selim Bayraktar “yahşi konuşuram” deyib, zarafatından da qalmadı. O, bunu türkmən türkü olduğu ilə əsaslandırdı. Mətbuat konfransının sonunda jurnalistlərdən birinin sözünü yerə salmayıb, məşhur “Ayrılıq” mahnımızı da oxudu.
Video

gun.az