Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəhri Şərifan yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Zəngilan, AZ6401
Avtobus

Zəngilan rayonunun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Burada "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. Qazıntılar burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni, IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV- XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunun şəhərdə tapılan düyü anbarı sübut edir. Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır.. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur, abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tili sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış Daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir. Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb. 3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, parxanası və yuyunmaq yeri və hovuzları salamat qalmışdır.

https://www.zengilan.com/tarix.php?subaction=showfull&id=1193302307&archive=&start_from=&ucat=4&

Son xəbərlər