Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəmkir arxeoloji qazıntıları
Baxış sayı:
  • Ünvan:
    Şəmkir, AZ5722
Avtobus

Şəmkir rayonu ərazisində arxeoloji qazıntılar aparılmış abidələrin ən qədimi eneolit və ilk tunc dövrlərinə aid yaşayış yerləri və qəbir abidələridir.1975-ci ildə Keçili kəndi yaxınlığında qeydə alınmış eneolit yaşayış yerində 70 kv.m sahədə arxeoloji qazıntı işləri aparılmış möhrədən tikili qalıqları üzə çıxarılmış ,eneolit dövrünə aid əmək alətləri, gilinə doğranmış saman qatılmış saxsı qab qırıqları tapılmışdır.

İlk və orta tunc dövrünə aid əsasən qəbir abidələrində arxeoloji qazıntılar aparılıb.1977-1978 ci illərdə Osmanbozu adlanan ərazidə 6 kurqan qazılmış onlardan üçü ilk tunc dövrünə aid edilmişdir.Həmin kurqanlar torpaq qarışıq daş örtüklü olmuşdur.Ölüyandırma (kremasiya) adəti ilə dəfn icra olunmuş hər üc kurqanın içərisi çay daşları ilə dolu idi.Qəbir avadanlığı bikonik və şar şəkilli gövdəsi olan küpələrdən, kasa və xeyrələrdən ibarətdir.

Orta tunc dövrünə aid kurqanlar 1988-1989 cu illərdə Qaracəmirli ərazisində arxeoloji qazıntılarla öyrənilmişdir.Altı kurqandan ikisi Q.M.Aslanov ,biri F.Ə.Abbasova, üçü isə M.A.Hüseynova və İ.N.Əliyev tərəfindən qazılmışdır. Kurqanlar daş örtüklü olub planda oval formaya malik idilər. Kurqanların düzbucaq biçimli qəbir kameraları bərk gilli torpaqda qazılmış və dərinlikləri 2 m çatırdı.Ölü qəbirdə bükülü vəziyyətdə dəfn edilmişdi. Qəbir avadanlığı zəngin olub saxsı qablardan , metal əsləhələrdən, heyvan heykəlciklərindən, bəzək əşyalarından ibarətdir. Tuğ bayraqlar xüsusilə böyük maraq doğurur. Metal gəmlər də maraqlı tapıntılardandır. Qəbir avadanlığı arasında saxsı qabların çoxluğu xüsusi qeyd olunmalıdır.Məsələn, 4 saylı kurqandan 41 ədəd, 5 saylı kurqandan isə 31 saxsı qab tapılıb.

Son tunc və erkən dəmir dövrü

Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkirçayın sağ sahilində yerləşən, sahəsi 2 hektardan artıq olan Bitdili yaşayış yerində ümumi sahəsi 210 kv.m olan iki qazıntı qoyulmuş, burada mədəni təbəqə yatımının qalınlığının orta hesabla 1,6 m təşkil etdiyi müəyyənləşdirilmişdir. I qazıntı sahəsində müxtəlif formalı küpə və bardaqların fraqmentləri, düz və dalğalı xətlərlə bəzədilmiş dərin və dayaz kasaların qırıqları, çəlləkvarı və kubformalı qabların parçaları tapılmışdır. Əksəriyyəti əldə hazırlanmış bu qabların saxsısının rəngi qara, boz və qırmızıdır. Saxsı məmulatından başqa dən daşları, toppuz başlığı, ağırlıq daşı və təkər modeli tapılmışdır.

I qazıntı sahəsinin cənub tərəfində üçdə bir hissəsi torpağa basdırılmış iri küplər aşkarlanmışdır. Küplər iri tutumlu olub hündürlükləri 1,6-1,7 m-ə çatırdı. Onlardan birinin dibində şərab qalığı mühafizə olunmuşdu.I qazıntının şərqində xam torpaqda düzəldilmiş, diametri 1 m olan ocaq qalığı üzə çıxarılmışdır. Onun ətrafındakı sahə gil suvaq ilə suvanmışdı.

II qazıntı sahəsində üç dulus kürəsinin qalıqları aşkarlanıb təmizlənmişdir. Çiy kərpicdən hörülmüş bu kürələr yüksək hərarətin (1000-1200 dərəcə ) alınmasına imkan verən ikiqatlı quruluşa malik idilər. Bu dulus kürələrində iri küplərdən tutmuş kiçik nəfis qablara qədər müxtəlif saxsı məmulat istehsal olunmuşdu. Şərti olaraq II qazıntı sahəsinin yerləşdiyi hissəyə sənətkarlar məhəlləsi adı verilmişdir.

Faktiki materiallar Bitdili yaşayış yerini erkən dəmir dövrünə aid etməyə imkan vermişdir.

Zəyəmçay nekropolu.Şəmkir rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı ılə əlaqədar geniş arxeoloji qazıntılar aparılmış abidələrdən biri, son tunc- erkən dəmir dövrünə aid Zəyəmçay nekropoludur (1;2,3). Zəyəmçay yaxınlığında 2 hektaradək ərazini əhatə edən nekropolun boru kəmərlərinin keçdiyi marşrutda 24 m enində, 100 m uzunluqda zolaqda, yəni 2400 kv.m. sahəsində aparılan arxeoloji qazıntılar nəticəsində 130 qəbir tədqiq edilmişdir. Onların böyük əksəriyyəti, 87 qəbir daş örtüklü qəbirlər tipinə aid edilir. Qalanları isə adi torpaq qəbirlərdən və seyrək çaydaşı torpaq qarışıq örtüklü qəbirlərdən ibarətdir.

Daş örtüklü qəbirləri səciyyələndirən başlıca cəhət qəbrin üstündə çaydaşlarından qurulmuş örtüyün olmasındadır. Örtüyün hündürlüyü 25- 100 sm arasında dəyişir. Örtükdəki çaydaşları bəzən gil qarışıq yapışdırıcı məhlulla bir-birinə bərkidilmişdir. Bəzi qəbirlərdə örtük aypara şəklində qurulmuşdur.

Qəbirlərdə aşkarlanan skeletlər ölünün sağ və ya sol böyrüüstə, bükülü və ya çox bükülü vəziyyətdə, müxtəlif istiqamətlərdə dəfn edildiyini göstərir. Arxasıüstə uzadılmış, lakin dizlərdən bükülü skeletlərə də rast gəlinmişdir. Qəbirlərin çoxunda isə, hətta bəzi avadanlıqla zəngin qəbirlərdə skelet aşkarlanmamışdır.

Qəbir tiplərinin müxtəlifliyinə, dəfn adətində fərqlərə baxmayaraq, qəbir avadanlığında əsaslı fərq izlənilmir. Qəbir avadanlığı Xocalı-Gədəbəy mədəniyyətinə mənsub saxsı məmulatından, silahlardan və bəzək əşyalarından ibarətdir. Zəyəmçay nekropolunda tədqiq olunan qəbirlər e.ə. XIV-X əsrlərə aid edilir.

Alban dövrü

Çaparlı alban məbədi (IV-V əsrlər). Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik və erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilmişdir (1, s. 196-206). Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətdə 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdı, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradırdı. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir.

Bu tikilidən altda iri əhəng daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşirdi. Şərq divarında eni 1,3 m olan qapı yeri vardı. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 m idi.

Arxeoloji qazıntılar binanın tikintisi zamanı əhəng daşlarının inşaat üçün hazırlandığı sahəni də müəyyənləşdirməyə imkan vermişdir. Qazıntı sahəsinin 7 və 8 saylı kvadratlarında əhəngdaşlarının parçalandığı, yonuldığı və cilalandığı sahə üzə çıxarılmışdır.

Qazıntı zamanı binadan üzərinə xaç təsviri salınmış daş lövhənin tapılması, eləcədə məbədin altından və ətrafından xristian qəbirlərinin aşkarlanması bina qalıqlarının IV-V əsrlərə aid alban xristian məbədinin qalıqları olduğunu təsdiqləməyə imkan vermişdir.

Məbəddən qərbdə mədəni təbəqənin alt inşaat qatında son antik dövrə aid metaləritmə kürəsi aşkarlanıb tədqiq edilmişdir. Kürə planda ovalvarı olub, ikiyaruslu quruluşda möhrədən düzəldilmişdi.

Abidənin ərazisində qazıntı zamanı çoxlu erkən xristian qəbirləri və iki küp qəbri tədqiq edilib. Əsasən tək dəfn qeydə alınmışdır. Yalnız 3 saylı kvadratda kollektiv dəfnə, xaç formasında qazılmış qəbir çalasında xaçın hər bir tərəfində olmaqla dörd nəfərin dəfninə rast gəlinmişdir.

Tədqiq olunmuş qəbirlərdən yalnız birində qəbir avadanlığına təsadüf olunmuşdur. Uşaq qəbrindən muncuqlar və tunc bəzək əşyası tapılmışdır.

Orta əsrlər

Muncuqlutəpə yaşayış yeri(IX-XIII əsirlər).Yenikənd SES-nın tikintisi ilə əlaqədar 1985-1988-ci illərdə Kür çayının sağ sahilində, Şəmkir rayonunun Qaracəmirli kəndindən 8 km şimalda yerləşən Muncuqlutəpə yaşayış yerində 750 kv.m. sahədə arxeoloji qazıntılar aparılmışdır.(1, s. 57-59). Qalınlığı 1,7-1,8 m olan mədəni təbəqə yatımında IX-X əsrlərə və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilib. Qazıntı nəticəsində çaydaşı və bişmiş kərpicdən inşa olunmuş tikinti qalıqları, məişət və təssərrüfat quyuları, 30-dək təndir və ocaq yeri aşkarlanıb tədqiq edilmişdir. Təndirlər ölçü və formalarına görə fərqlənirlər. Onların divarlarına içəri tərəfdən cızma xətlər salınmışdır. Təndirlərdən ən böyüyünün diametri 80 sm olduğu halda, kiçik təndirlərin diametri 35 sm təşkil edir.

Arxeoloji qazıntılar zamanı Muncuqlutəpədə vaxtilə monumental tikililərin mövcud olmasından xəbər verən memarlıq hissələrinə də rast gəlinmişdir. Misal olaraq daşdan səliqə ilə yonulmuş sütunbaşlığı və sütunaltlığını göstərmək olar. Sütunaltlığınının üzərində kufi xətti ilə həkk edilmiş kitabədə deyilir: “Hakimiyyət Allaha məxsusdur (dörd yüz qırx ikinci il (1050/1051). İmamillah bin Məhəmməd əl-Müdəbbirin işidir. Allah ona rəhm etsin.” (2, s. 37).

Qazıntılar zamanı aşkarlanan çoxsaylı metal pasalar, tullantılar metalişləmə sənətinin, xüsusilə dəmirçılıyin mövcudluğuna dəlalət edən faktik materiallardır.

Mədəni təbəqədən əldə edilən tapıntılar əmək alətləri və silahlardan, şirli və şirsiz saxsı qab-qacaqdan, metal və şüşə məmulatından, bəzək əşyalarından, mis sikkələrdən ibarətdir.

Mədəni təbəqənin üst qatında 20 sm qalınlıqda dağıntı və yanğın qatının qeydə alınması yaşayış məskəninin qəfil hücum nəticəsində dağıdılaraq yandırıldığını və bu hadisədən sonra əhalinin buranı tərk etdiyini göstərir.

Arxeoloji qazıntıların nəticəsində Muncuqlutəpə yaşayış yerinin IX-XIII əsrlərdə mövcud olmuş şəhər tipli yaşayış məskənin xarabalıqları olduğu müəyyənləşdirilmişdir.

Son xəbərlər