Facebook Pixel Code
GoMap XƏRITƏ
Xaraba şəhər yeri
Baxış sayı:
  • Ünvan:
    Ağsu, AZ0600
Avtobus

Ağsu şəhərindən 7 km cənubda, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmiş Xarabaşəhər şəhərgahının düzbucaqlı plan quruluşu vardır. Sahəsi 34 hektar olan bu şəhər yeri eni 20-25 m, dərinliyi 7-8 m olan müdafiə xəndəyi və 2400 m məsafədə izlənən qala divarları ilə əhatə olunmuşdur. Cənub tərəfdə xəndəyin eni 40 m-ə çatır. Şəhərgahın cənub-şərq və cənub-qərb künclərində hər birinin diametri təqribən 20 m, hündürlüyü 10 m olan iki süni təpə yerləşir. Həmin təpələrin şəhər istehkamları ilə bağlı olması ehtimal edilir. Şəhər yerində mikrorelyef pozulmadığından onun ərazisində müxtəlif təyinatlı tikililərin və istehsalat ocaqlarının qalıqları izlənilir. Abidənin mərkəz hissəsində uzunluğu 48 m, eni 15 m, dərinliyi 8-10 m olan və yerli əhali tərəfindən "hamam yeri" adlandırılan çökəklik vardır. Abidənin ərazisində yonulmuş daşlara və bişmiş kərpic nümunələrinə rast gəlinməsi şəhər memarlığında başlıca olaraq inşaat materialı kimi yonulmuş daş və bişmiş kərpicdən istifadə edildiyinə dəlalət edir. İstehsal tullantıları və ərazinin vizual müşahidələri şəhər yerinin şimal-şərq hissəsində dulusçular məhəlləsinin yerləşdiyini ehtimal etməyə imkan verir. Mədəni təbəqənin xarakterini müəyyənləşdirmək üçün abidənin şimal-qərbində 10 kv.m sahədə yoxlama qazıntısı aparılmış, mədəni təbəqə yatımı 1,4 m dərinliyə qədər izlənilmişdir. Qazıntı nəticəsində səliqə ilə yonulmuş çaydaşından adi palçıqla hörülmüş tikili qalığı və quyu aşkarlanıb təmizlənmişdir. Tikilinin bünövrəsi və divar hörgüsünün yalnız dörd cərgəsi salamat qalmışdı. Döşəmə torpaqdan idi. Yoxlama qazıntılarından əldə edilən və abidənin ərazisindən toplanan yerüstü arxeoloji materiallar şirsiz və şirli saxsı, fayans və çini qab qırıqlarından, XV-XVIII əsrlərdə zərb olunmuş sikkələrdən ibarətdir. Ağsu rayonundakı Xarabaşəhər abidəsində aparılmış kəşfiyyat xarakterli ilkin tədqiqatların yekunları orada XVII-XVIII əsrlərdə gur şəhər həyatının olduğunu göstərir.

Son xəbərlər