Facebook Pixel Code
GoMap XƏRITƏ
Palçıq vulkanı
Baxış sayı:
  • Ünvan:
    Bakı, AZ0000
Avtobus

Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn, kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin-əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi. Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 №-li Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilmişdi (Qobustan qəsəbəsində - Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda – Lökbatan palçıq vulkanları). Daha sonra, təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə «Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası» yaradılmışdır. Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilməkdədir.

http://www.elibrary.az/docs/azereco/az/eco_m1_4_2.pdf

Son xəbərlər